“Unibank” KB ASC 2023-cü ilin əsas maliyyə nəticələrini açıqlayıb. Hesabat dövründə cəmi gəlirlər 37% artaraq, 319 milyon manata çatıb. Bankın gəlirlərindəki yüksəlmə qarşılığında il ərzində bankın xərclərində artım cəmi 15% olub.
Nəticədə 31 dekabr 2023-cü il tarixinə Bankın əməliyyat mənfəəti əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 3 dəfə artaraq, 75 milyon manata çatıb. Bank hesabat ilini 33 milyon manatlıq xalis mənfəətlə başa vurub.
Eyni zamanda 2023-ci ildə qazanılmış faiz gəlirləri 212 milyon manata çatıb, qeyri-faiz gəlirləri isə 107 milyon manatı ötüb. Bununla da Bankın qeyri-faiz gəlirləri əvvəlki illə müqayisədə 54%, faiz gəlirləri isə 37% artıb.
“Unibank” KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov 2023-cü ilin Bank üçün vacib inkişaf ili olduğunu bildirib: “Ötən il “Unibank” üçün həm də bir strateji dövrün başa çatması ili oldu. Bu dövr ərzində əhəmiyyətli uğurlara və layihələrə imza atdıq. Aktivlərimiz 1,6 milyard, kredit portfelimiz 1 milyard manat həddinə çatdı, eyni zamanda bankçılıq xidmətlərimizdən istifadə edən müştərilərimizin sayı 3 dəfəyə yaxın artaraq 1,5 milyon nəfərədək genişləndi. Bankımızın mobil əlavələrinin aktiv istifadəçilərinin sayı strateji dövr ərzində 5 dəfədən çox artaraq, 1 milyon nəfəri keçdi, eyni zamanda bankın müştəri əməliyyatlarının 70%-dən çox hissəsinin rəqəmsal kanallara keçidinə nail olduq. Bankın bazar mövqeyinin qoruyub saxlanılması və daha da inkişafı fonunda xalis mənfəətin ciddi artımı, biznesin maliyyələşdirilməsində və depozit portfelinin həcmində böyümə, ötən il də müsbət inkişaf tendensiyasının davam etdiyini göstərir. “Unibank” üçün yeni strateji dövrün başlanğıc ili olan 2024-cü ildə də böyük hədəflərimiz, inkişaf layihələrimiz var. İnanırıq ki, bu il “Unibank” və ümumilikdə bank sektoru üçün uğurlu il olacaq”.
Bankın davamlı inkişaf strategiyasına uyğun olaraq, kapital mövqeyi xeyli güclənib. İlin sonuna bankın məcmu kapitalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25% artaraq, 160 milyon manat olub. Ötən ilin sonunda bankın kapital adekvatlıq əmsalı artaraq, 12,8% təşkil edib.
Bankın kredit portfeli 1 milyard 48 milyon manata çatıb. Bu 2022-ci illə müqayisədə 22% artım deməkdir. Portfelin strukturunda biznes kreditlərinin payı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 20% artaraq 329 milyon manatı ötüb. Ayrıca mikrokredit portfeli 29% artaraq, 174 milyon manatı ötüb.
İlin nəticələrinə görə, depozit portfeli əvvəlki illə müqayisədə 23% artaraq, 1 milyard 215 milyon manatı ötüb.