Birləşmiş Ştatların Ohayo ştatında 16 uşağı uzun müddət antisanitar vəziyyətdə məcbur saxlayan bir ailənin üzvü olan dörd nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu məlumatı yerli rəsmilərə istinadla "The Guardian" nəşri yayıb.
Məlumatda bildirilir ki, Ohayo ştatının kənd bölgəsindəki qəzalı vəziyyətdə olan evdən 16 uşaq azad olunub. Onlar ötən dörd ilin əksər qismini bir otaqda, acınacaqlı şəraitdə qapalı vəziyyətdə yaşayıblar. Uşaqların valideynləri və nənələri barəsində ittiham aktı elan edilib.
Yerli rəsmi orqanlarının məlumatına görə, yaş aralığı 1.5 ilə 18 arasında dəyişən uşaqlar vaxtlarının böyük hissəsini antisanitariya hökm sürən, hər tərəfi insan nəcisi ilə dolu otaqda keçirməyə məcbur olublar. Hətta xilas edilən uşaqlardan bəzilərinin nitq qabiliyyətinin olmadığı da diqqətə çatdırılır.
Uşaqlar Ohayo ştatının ən yoxsul bölgələrindən sayılan Hamden kəndindəki yararsız evdə, fərqli bir cinayət işi üzrə aparılan axtarış tədbirləri nəticəsində tapılıblar. Xilas edilən uşaqlardan yeddisi xəstəxanaya göndərilib, onların ikisi xüsusi helikopter vasitəsilə travmatologiya şöbəsinə aparılıb. Eyni zamanda, vəziyyəti çox ağır olan bir uşaq süni tənəffüs aparatına qoşulub.
Uşaqların valideynlərinə və iki nənəsinə azyaşlıların həyat və sağlamlığını təhlükəyə atma maddəsi üzrə ikinci dərəcəli cinayət işi açılıb. Qeyd edilir ki, məsələ insan alverini əhatə etmir və tamamilə ailədaxili insidentdir. Saxlanılan dörd şəxs - kiçik Qeri Sayders, böyük Qeri Sayders, Kristina Sayders və Elizabet Sayders hakim qarşısına çıxarılıblar. Onların hər biri üçün 300 min dollar məbləğində girov təyin olunub.
İstintaq materiallarına əsasən, bu ailə son 20 il ərzində ştatın cənub bölgələrində davamlı yaşayış yerlərini dəyişərək tibbi və rəsmi dövlət qeydiyyatlarından boyun qaçırıb. Uşaqlar heç bir təhsil müəssisəsinə cəlb edilməyiblər və kənar şəxslərin onların mövcudluğundan xəbəri olmayıb. Hazırda müvafiq orqanlar azad edilmiş bütün azyaşlıların müvəqqəti qəyyumluğunu almaq üçün hüquqi addımlar atır.