İyulun 19-da bazar günü axşam saatlarında Amerika Birləşmiş Ştatlarının Ohayo ştatından keçən Sayoto çayında faciəli hadisə baş verib. Suda boğulan kişiyə kömək etməyə çalışan beş nəfər həlak olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Məlumata əsasən, iki uşaq da daxil olmaqla 7 nəfərlik qrup çay kənarında istirahət edirmiş. Böyüklərdən biri suya girib, lakin batmağa başlayıb. Digər dörd böyük ona kömək etməyə çalışıb, lakin nəticədə beş nəfərin hamısı suda yoxa çıxıb.
Bundan sonra azyaşlılardan biri avtomobil yoluna tərəf qaçıb və oradan keçən sürücünü köməyə çağırıb. Əraziyə cəlb edilən xilasetmə qüvvələri sudan əvvəlcə iki qadının cəsədini çıxarıblar. Digər üç nəfərin cəsədi isə ancaq ertəsi gün tapılaraq sudan çıxarılıb.