Qayana sahillərində "MV BARIMA" bərəsinin qəzaya uğraması nəticəsində azı 27 nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu hadisə barədə BBC məlumat yayıb.
Bildirilir ki, şənbə günü axşam sərnişin bərəsi Qayana sahillərində çevrildikdən sonra azı 27 nəfər boğulub. Qeyd olunur ki, "MV BARIMA" gəmisinin göyərtəsində olan 69 nəfər xilas edilib, daha 83 nəfər itkin düşmüş hesab olunur. Dalğıclar gəminin qəzaya uğradığı yerdə axtarışları davam etdirir.
Hakimiyyət orqanları doğmalarının qəzaya uğramış bərədə olduğunu ehtimal edən şəxslərə müraciət edərək onlarla əlaqə yaratmalarını xahiş ediblər. Faciəli hadisə ilə əlaqədar olaraq müvafiq araşdırmalara başlanılıb.
"MV BARIMA" bərəsi iyulun 18-də Qayana sahillərində sulara qərq olub. "Demerara Waves" nəşrinin xəbərinə görə, gəmi heyətinin siqnal raketləri buraxmasından sonra axtarış-xilasetmə qrupları bərəni havadan müəyyən edə biliblər. Məlumata əsasən, gəmi Corctaundan Port-Kaytuma istiqamətində hərəkət edirmiş.