Sinqapur vətəndaşı, 22 yaşlı Meloun Lam 245 milyon dollar dəyərində 4 100 "Bitcoin"in oğurlanması işi üzrə təqsirini etiraf edib. İstintaqın məlumatına görə, bu, ABŞ tarixində fiziki şəxsdən kriptovalyutanın oğurlanması ilə bağlı ən böyük hadisədir. Lamı 20 ilədək həbs cəzası gözləyir.
Oxu.Az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Lam 14 yaşında Sinqapurda məktəbi atıb, 2023-cü ildə turist kimi ABŞ-yə gəlib və vizasının müddəti bitdikdən sonra da ölkədə qalıb. O, sosial şəbəkələr və onlayn oyunlar vasitəsilə digər gənc hakerlərlə tanış olub və beynəlxalq qrup formalaşdırıb.
2024-cü ilin avqustunda cinayətkarlar Vaşinqtondan olan iri investorun hesablarına hücum ediblər. Onlar özlərini "Google"un təhlükəsizlik xidməti və "Gemini" kriptobirjasının əməkdaşları kimi təqdim edərək kişini "AnyDesk" uzaqdan giriş proqramını quraşdırmağa inandırıblar. Bundan sonra hakerlər onun kompüterinə giriş əldə edib və hesablardan təxminən 4 100 bitkoin çıxarıblar.
Qrup üzvləri oğurlanan vəsaiti dəbdəbəli həyat tərzinə xərcləyiblər. İstintaqın məlumatına görə, onlar bir gecədə gecə klublarında 500 000 dollaradək xərcləyə, 30-dan çox avtomobil və 2 milyon dollar dəyərində saatlar, həmçinin "Hermès Birkin" çantaları və bahalı geyimlər ala biliblər. Bundan əlavə, onlar Los-Anceles və Mayamidə dəbdəbəli evlər kirayələyib, şəxsi təyyarələrlə səyahət edib və şəxsi mühafizəçilər tutublar.