ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında gəmiçiliyin blokdan çıxarılması üçün "Azadlıq" əməliyyatına 15 000 əsgər, esmineslər, 10-dan çox təyyarə və PUA (Pilotsuz Uçuş Aparatı - dron) göndərəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə komandanlıq məlumat yayıb.
"Bizim bu müdafiə missiyasına dəstəyimiz regional təhlükəsizlik və qlobal iqtisadiyyat üçün böyük əhəmiyyət kəsb edir", - deyə ABŞ Mərkəzi Komandanlığının komandanı, admiral Bred Kuper bildirib.
"Azadlıq" missiyasının məqsədi ticarət gəmilərinin Hörmüz boğazından maneəsiz keçidini asanlaşdırmaqdır.
Qeyd olunur ki, dünya üzrə dəniz yükü dövriyyəsinin dörddəbiri, eləcə də yanacaq və gübrə Hörmüz boğazının bu hissəsindən keçir.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun mayın 4-də Hörmüz boğazında bloklanmış gəmiləri azad etməyə başlayacağını açıqlamışdı.