Qlobal enerjidaşıyıcıları qıtlığı və İranla müharibə səbəbindən ABŞ-nin strateji neft ehtiyatları 1982-ci ildən bu yana qeydə alınan ən aşağı göstəriciyə qədər azalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.
Bildirilir ki, ötən həftə ərzində ehtiyatlar 3 milyon bareldən çox azalaraq 286.6 milyon barelə düşüb ki, bu da anbarın ümumi tutumunun təxminən 40%-ni təşkil edir. Bildirilir ki, qlobal bazarda neft tədarükündə baş verən ən böyük fasilə ABŞ-də benzinin qalonunun 4 dollardan yuxarı qalxmasına və inflyasiyanın sürətlənməsinə səbəb olub.
Məlumatda qeyd olunur ki, bazar ertəsi axşam Oman sahillərində neft tankerinə hücum xəbərindən sonra çərşənbə axşamı neft qiymətləri bir barel üçün 92 dollardan yuxarı qalxıb.
Telekanal xatırladır ki, strateji neft ehtiyatı 1970-ci illərin əvvəllərində ərəb ölkələrinin enerji böhranına səbəb olan neft embarqosundan sonra yaradılıb və ABŞ-ni qəfil tədarük qıtlığından qorumaq məqsədi daşıyır.
"ABC News"un məlumatına əsasən, tutumu 714 milyon barelə çata bilən ehtiyatlar Luiziana və Texas ştatlarında, Meksika körfəzi sahillərində yerləşən yüksək mühafizəyə malik yeraltı duz mağaralarında saxlanılır.
Materialda vurğulanır ki, ABŞ prezidenti enerji siyasəti və enerjiyə qənaət qanununun şərtləri daxilində ehtiyatlardan istifadə etmək üçün geniş səlahiyyətlərə malikdir: belə hallarda neft açıq bazarda satılır ki, bu da nəzəri cəhətdən təklifi artıraraq qiymətləri aşağı salmalıdır.
Mart ayında Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv ölkələr ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda bazarda sabitliyi təmin etmək üçün fövqəladə ehtiyatlarından 400 milyon barel neft ayırmaq barədə razılığa gəliblər. ABŞ-nin Energetika Nazirliyi Vaşinqton Administrasiyasının 120 gün ərzində strateji ehtiyatdan ümumilikdə 172 milyon barel neft buraxacağını açıqlayıb. Telekanalın məlumatına görə, İranla müharibədən əvvəl ABŞ ehtiyatın yaradıldığı gündən bəri cəmi dörd dəfə təcili neft buraxılışına müraciət edib. Sonuncu belə hal 2022-ci ilin martında, neft qiymətlərinin kəskin artmasından sonra prezident Co Baydenin altı ay ərzində 180 milyon barel neftin bazara çıxarılması barədə göstəriş verdiyi vaxt baş verib.