Vaşinqton Administrasiyası 400 milyon dollarlıq hərbi yardımın Kiyevə verilməsi prosesini 2028-ci ilin oktyabrından 2029-cu ilin sentyabrının sonuna qədər olan dövrdə yekunlaşdırmağı planlaşdırdığı barədə Konqresi məlumatlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentlik özəl mənbələrinə istinadən qeyd edib ki, may ayında Pentaqon Konqresə məktub göndərərək həmin vəsaitlərin xərclənməsi planlarına aydınlıq gətirib. Sənəddən məlum olub ki, ABŞ hökuməti bu yardımın ayrılmasını 2029-cu maliyyə ilində bitirməyi nəzərdə tutur. ABŞ-də bu dövr 2029-cu ilin sentyabrının sonunda başa çatır. Qanunvericiliyə əsasən, hazırkı Ağ Ev lideri Donald Trampın prezidentlik postundakı ikinci müddəti 2029-cu ilin yanvarında bitməlidir.
ABŞ Konqresinin bəzi üzvləri isə yardımın çox yavaş ötürüldüyünü hesab edərək, bu vəziyyətdən narazılıqlarını bildiriblər.
Məqalədə vurğulanır ki, qeyd olunan yardım paketinin 200 milyon dollarının Ukraynaya silah və sursat verilməsinə, təxminən 100 milyon dollarının müxtəlif texnika və onların ehtiyat hissələrinə, daha 100 milyon dollarının isə hərbi yüklərin daşınması xidmətlərinə sərf olunması planlaşdırılır.
İllinoys ştatından olan senator, demokrat Dik Durbin iyulun 21-də bəyan edib ki, ABŞ Administrasiyası Konqres tərəfindən təsdiqlənməsinə baxmayaraq, 400 milyon dollar dəyərindəki yardımı Kiyevə verməkdən imtina edir. Senatın təxsisatlar komitəsində keçirilən dinləmələrdə o, bu barədə qərarın böyük ehtimalla növbəti ABŞ prezidenti tərəfindən veriləcəyini diqqətə çatdırıb. Dinləmələrdə qanunvericilərin suallarını cavablandıran hərb naziri Pit Heqset Durbinin sözlərinə şərh verməsə də, onları təkzib də etməyib.