Türkiyənin Ağrı dağı ərazisində Nuhun gəmisinin axtarışı zamanı diqqətçəkən nəticələr əldə edildiyi açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə NTV telekanalına Türkiyənin Sivas Universitetinin professoru, beynəlxalq tədqiqat layihəsinin rəhbəri Cenkər Atilla bildirib.
"2026-cı ildə Ağrı dağı ərazisində Nuhun gəmisinin axtarışı üzrə işlər başa çatıb. Qazıntılar zamanı daşqından əvvəlki dövrə aid olduğu ehtimal edilən gil qablar aşkar edilib. Torpaq nümunələri araşdırılmaq üçün Ankaraya göndərilib. Torpağın analiz prosesi hələ davam edir. Hazırda 100 faizlik nəticə əldə etməsək də, bəşəriyyəti təəccübləndirəcək məlumatlara sahibik. Yaxın vaxtlarda bunlar elmi məqalələrdə və kitablarda dərc olunacaq", - alim deyib.
Araşdırmalar Ağrı şəhərindən 28 kilometr məsafədə yerləşən Durupınar ərazisində gəmini xatırladan qaya formasında aparılır. Onun uzunluğu 164 metrdir. Bu göstəricinin Əhdi-Ətiqdə təsvir olunan gəminin 300 qulaclıq uzunluğu ilə uyğun olduğu bildirilir.
Professor Atilla daha əvvəl bildirib ki, Nuhun gəmisinin axtarışı layihəsinə iyunun sonunda başlanılıb. Layihədə beş ölkədən 20-yə yaxın alim iştirak edir.
Araşdırmalar çərçivəsində ərazinin 3D modelləri və GPS nöqtələri hazırlanıb. Həmçinin ABŞ ordusunun silahlanmasında istifadə olunan radar sistemlərindən yararlanılaraq yer süxurları skan edilib.
Bundan əlavə, formasiyanın daxili hissəsindən götürülən nümunələrdə karbon miqdarının xarici hissə ilə müqayisədə 40 faiz çox olduğu müəyyən edilib.
Atillanın sözlərinə görə, bu, üzvi maddələrin və ya ağac qalıqlarının mövcudluğuna işarə edə bilər və Ağrı dağının ətəklərində Nuhun gəmisinin yerləşməsi ehtimalını artırır.