Albaniyada korrupsiyaya qarşı və təhsil islahatları tələbi ilə keçirilən tələbə etirazlarının ikinci günündə Təhsil Nazirliyinin binası yandırılıb.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, oktyabrın 14-də Təhsil Nazirliyinin binası qarşısına minlərlə etirazçı toplaşıb. Onlardan bəziləri qurumun binasına kərpiclər atmağa başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, yaxınlıqda yerləşən "Raiffeisen" bankının filialı da alova bürünüb.
Tələbə aksiyalarının təşkilatçıları bəyan ediblər ki, etirazlar universitetlərdəki təhsil şəraiti, ali təhsil haqqının yüksək olması, maliyyə dəstəyinin yetərsizliyi və məzun olduqdan sonra işlə təmin olunma perspektivləri ilə bağlıdır.
Albaniyanın paytaxtı Tiranada tələbə etirazları polislə toqquşmalara çevrilib və nəticədə 23 nəfər saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Albanian Daily News" xəbər yayıb.
Məlumatda qeyd olunur ki, polisin açıqlamasına əsasən, Albaniya Təhsil Nazirliyinin binası qarşısında etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən toqquşmalardan sonra 23 nəfər müvafiq prosedurların həyata keçirilməsi üçün saxlanılıb.
"Reuters" agentliyinin məlumatına görə, təhsil və sosial məsələlərlə bağlı ölkə miqyasında keçirilən etiraz aksiyasında iştirak edən tələbələr nazirlik binasını daşa basıblar,dinc nümayişin zorakı xarakter almasından sonra polis gözyaşardıcı qaz və su şırnaqları ilə cavab verib.
Etirazı təşkil edən tələbələr bildiriblər ki, aksiyaya səbəb universitetlərdəki şərait, ali təhsilin qiyməti, maliyyə yardımı və məzun olduqdan sonra işlə təmin olunma perspektivləri ilə bağlı narahatlıqlar olub.
Toqquşmalar zamanı altı polis əməkdaşı və bir qadın jurnalist də xəsarət alıb. Məlumatlara görə, onların heç birinin xəsarəti həyat üçün təhlükə yaratmır.