Almaniya şirkətinə məxsus yük gəmisi Odessa yaxınlığında, Qara dənizdə dron hücumuna məruz qalıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bild" nəşri məlumat verib.
Bildirilir ki, söhbət mənzil-qərargahı Hamburqda yerləşən və Almaniyanın "Johann M.K.Blumenthal GmbH & Co. KG" şirkətinə məxsus olan, Liberiya bayrağı altında üzən "Emil" gəmisindən gedir. Nəşr yazır ki, gəmi Odessadan təxminən 21 dəniz mili (təxminən 39 km) məsafədə hücuma məruz qalıb.
Gəmidə yanğın baş verib və bəzi texniki sistemlər sıradan çıxıb, nəticədə gəmi manevr etmək imkanını itirib. Ekipaj təxliyə edilib, heç kim xəsarət almayıb.