Argentina Malvin (Folklend) adaları bölgəsində neft hasil edən müəssisələrə qarşı məhdudiyyətləri sərtləşdirməyə hazırlaşır.
Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Xavyer Miley bəyan edib.
Dövlət başçısı vurğulayıb ki, yaxın aylarda adalarda Böyük Britaniyanın "Rockhopper Exploration" və İsrailin "Navitas Petroleum" şirkətlərinin neft çıxarılması üzrə layihələrinə start veriləcək.
Argentina liderinin sözlərinə görə, ölkənin maraqları üçün strateji təhlükə yaradan digər oxşar layihələr də mövcuddur. "Bu, bizdən mütənasib cavab tələb edir", - deyə Miley əlavə edib.
Qeyd edək ki, Malvin (Folklend) adaları Argentina ilə Böyük Britaniya arasında mübahisəli ərazi hesab olunur. 1982-ci ildə bu iki dövlət arasında baş vermiş silahlı münaqişə Argentinanın məğlubiyyəti ilə nəticələnib. 2013-cü ildə ada sakinləri keçirilən referendumda 99.8% səs çoxluğu ilə Böyük Britaniyanın dənizaşırı ərazisi statusunu dəstəkləyiblər. O zaman Argentina hökuməti səsvermənin nəticələrinin ölkənin bu adalara olan ərazi iddialarına heç bir təsir göstərməyəcəyini bildirmişdi.