12 iyundan etibarən Avropa İttifaqında yeni miqrasiya və sığınacaq paktının tətbiqinə başlanılır.
Oxu.Az xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.
Bildirilib ki, artıq Avropa İttifaqı (Aİ) coğrafiyasında sığınacaq almaq çətinləşəcək, uğursuz cəhd zamanı isə ölkədən çıxarılmaq daha sürətlə həyata keçiriləcək. Humanitar müdafiə hüququ olmayanlar artıq illərlə müavinət alaraq imtina gözləyə bilməyəcəklər. Ərizələrin bir hissəsi Aİ-yə girişdən əvvəl nəzərdən keçiriləcək.
Lakin bu proqram sənədi hələlik qaçqın problemini tam həll etmir. Miqrasiyanın güclü dalğası qitəni hələ 2010-cu illərdə bürümüşdü və siyasətçilər ilə məmurlar vahid cavab üzərində razılığa gələnə qədər miqrasiya gündəliyi xarici sərhədlərdəki problemdən daxili siyasi çağırışa çevrildi.
Avropa Komissiyasının daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner bu yeniliyi belə şərh edib: "Tətbiq ediləcək yeni qaydalar sayəsində Aİ-yə kimlərin daxil olacağı, kimlərin qalacağı və kimlərin geri dönəcəyi üzərində daha sıx nəzarət mexanizminə malik olacağıq. Biz Avropada asayişi bərpa edirik".
Məlumatda bildirilir ki, Avropa miqrasiya sistemini əhəmiyyətli dərəcədə dəyişən tarixi sənəd hələ 2024-cü ildə qəbul edilmişdi və ölkələrə onun icrasına hazırlıq üçün daha iki il vaxt verilmişdi.
Hazırda Brüssel "qaytarılma habları"nın - Aİ-dən kənarda, Avropada sığınacaq hüququ almayan müraciətçilərin göndəriləcəyi xarici mərkəzlərin yaradılması imkanını razılaşdırır. Avropa mediasında bu cür mərkəzlərin qurula biləcəyi ölkələr qismində Albaniya, Afrika dövlətləri, eləcə də Qazaxıstan və Özbəkistanın adları çəkilsə də, sonuncu iki ölkə artıq bundan imtina ediblər.
Ümumilikdə 2015-2025-ci illərdə beynəlxalq müdafiə üçün 8.6 milyondan çox insan ilk dəfə sığınacaq üçün müraciət edib.
Yazıda o da xatırladılır ki, Aİ-də ifrat sağ qüvvələr, həmçinin ABŞ-də Prezidenti Donald Tramp miqrantlara qarşı mübarizənin gücləndirilməsinə dair davamlı çağırışlar edirlər.