Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Vaşinqton və Tehran arasında əldə olunmuş razılaşmalara əsasən, yaxın vaxtlarda İranın nüvə obyektlərində yoxlamalara başlayacağını gözləyir.
Oxu.Az xəbər verir ki, bu barədə BAEA -nın rəhbəri Rafael Qrossi məlumat verib.
"Bir şey tamamilə aydındır: qarşılıqlı anlaşma memorandumu mövcuddur. Orada açıq şəkildə qeyd olunur ki, memorandumun nüvə ilə bağlı hissəsi nəzarət altında olacaq. Nəzarəti isə BAEA həyata keçirir. Bu nəzarəti təmin etmək üçün yoxlamalar aparılmalıdır, başqa yol yoxdur. Artıq texniki işlərə başlanılıb və biz ən qısa zamanda yoxlamalara başlamağı ümid edirik", - deyə o, jurnalistlərə açıqlamasında bildirib.
İranda yüksək zənginləşdirilmiş uran ehtiyatlarının coğrafi yerləşməsi haqqında danışan Qrossi vurğulayıb ki, böyük ehtimalla, onlar 2025-ci ilin iyun ayında olduqları məkanlarda qalırlar:
"Geniş yayılmış qənaət ondan ibarətdir ki, ehtiyatlar 2025-ci ilin iyununda saxlanıldığı yerdədir. Əsas hissə Fordo obyektində, bir qismi isə Natanzdadır. Bizim təsəvvürümüz belədir, lakin bunu təsdiqləmək üçün ilk növbədə həmin ərazilərə giriş əldə etməliyik".
O xatırladıb ki, 2025-ci ilin iyununda baş tutan son səfər zamanı BAEA mütəxəssisləri bütün bu materialları ölçüb, çəkib və möhürləyiblər:
"Bu səbəbdən hər hansı bir addım atmazdan əvvəl biz geri dönməli, möhürlərimizin toxunulmaz qaldığını və materialın heç bir hissəsinin əskik olmadığını yoxlamalıyıq. Bu, bizim üçün ən ümdə vəzifədir".