Malta sərmayə əvəzinə, Avropa İttifaqının vətəndaşlığını təqdim edir.
Oxu.Az xəbər verir ki, bu barədə bu gün Avropanın “Politico” qəzetinin elektron versiyasında məlumat yayılıb.
Nəşrin məlumatına görə, 2014-cü ildən proqram büdcəyə ən azı 200 milyon avro gəlir gətirib.
“Tənqidçilər iddia edirlər ki, proqram Avropa vətəndaşlığının konsepsiyasını sarsıdır, təhlükəsizlik planında potensial risk yaradır və öz ölkələrinə qarşı sanksiyalardan qaçmağa cəhd edən rusiyalılar üçün “arxa qapı” imkanı yaradır”, - “Politico” yazır.
Malta hakimiyyətinin məlumatına görə, 2015-ci ildə ölkə pasportunun alınması üçün 40 ölkənin vətəndaşı müraciət edib. Bu ölkələr sırasında Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistan da yer alır. Bununla yanaşı, müraciət edənlərin 25%-nin ərizəsi qəbul edilməyib.
Malta vətəndaşlığını almaq üçün müraciət edən şəxsin adı Beynəlxalq cinayət məhkəməsinin və Avropolun məlumat bazasında olmamalıdır.