"British Airways" aviaşirkətinə məxsus təyyarənin üç ekipaj üzvü xəstəxanaya yerləşdirilib. Bu, sərnişinlərdən birinin onlara tərkibində marixuana olan saqqız konfetlər verməsindən sonra baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Sun" nəşri məlumat verib.
Məlumata görə, qeyri-adi konfetlərin dadına baxdıqdan sonra bort bələdçiləri təşviş pozuntuları və narahatlıq keçiriblər. Xoşbəxtlikdən, onlar konfetləri Londonun Hitrou hava limanından qalxan təyyarə Los-Ancelesə endikdən sonra yeyiblər. Şəxsiyyəti araşdırılan gülümsəyən sərnişin bu yolla "qayğıkeş stüardlar"a səfər üçün təşəkkür edib. "British Airways" hadisə ilə bağlı araşdırmaya başlayıb.
Şahidlərin sözlərinə görə, qrup ekipaj üçün nəzərdə tutulan hotelə çatana qədər konfetləri yeyən üç əməkdaş narahatlıq hiss etməyə başlayıb. Onlar özlərini idarə edə bilməyiblər, təşvişə düşüblər və qorxublar. Mənbə əlavə edib ki, nəticədə onlar müalicə üçün xəstəxanaya aparılıblar.
"British Airways" insidentə çox ciddi yanaşdığını bildirib və əlavə edib ki, tərkibində ot olan konfetləri paylayan sərnişin bir neçə polis ittihamı ilə üzləşə bilər.
Aviaşirkət Londona qayıdış reysi üçün ehtiyat heyət cəlb edib.