Çinin ABŞ-yə nadir torpaq elementlərinin ixracı oktyabrda əvvəlki ayla müqayisədə azalıb.
Oxu.Az "Bloomberg"ə istinadla xəbər verir ki, bu, ticarət anlaşması çərçivəsində tədarük detalları ilə bağlı ikitərəfli danışıqlar fonunda baş verib.
Gömrük məlumatlarına görə, elektromobil, silah və yüksək texnologiya istehsalında istifadə olunan materialların ixracı 6.173 tona qədər azalıb ki, bu da iyun ayından bəri ən aşağı göstəricidir. Bu kateqoriyada, adətən, nadir torpaq maqnitləri üstünlük təşkil edir.
Çin və ABŞ hələ də oktyabrın sonunda Seulda Si Cinpin və Donald Tramp arasında razılaşdırılmış ticarət anlaşmasının detallarını dəqiqləşdirirlər. Hər iki tərəf öz danışıqçılarına Çinin nadir torpaq elementlərinin tədarük şərtlərinin razılaşdırılması üçün noyabrın sonuna qədər vaxt verib.
Qeyd edək ki, Pekin aprelin 4-də bir sıra nadir torpaq metallarının ixracına nəzarət tətbiq edib. Ticarət anlaşması çərçivəsində Çin nadir torpaq metallarına daha sərt məhdudiyyətlərin bir il müddətinə təxirə salınmasına razılıq verib və artıq ixrac nəzarəti altında olan materiallara ümumi lisenziyaların veriləcəyini vəd edib.