Çində 89 yaşlı qadın kilidli qaldığı yataq otağından çıxmaq üçün binanın xarici divarı ilə 27-ci mərtəbədən 21-ci mərtəbəyə enib.
Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri xəbər yayıb.

Pekin sakini olan yaşlı qadın ilk olaraq 26-cı mərtəbə səviyyəsində görünüb. Ərazidəki təmizlik işçisi və mühafizəçi qəribə səslər eşidərək yuxarı baxıblar. Onlar qadının kondisioner bloklarını qoruyan metal barmaqlıqlardan asılı vəziyyətdə qaldığını görərək dərhal polisə xəbər veriblər.
Şahidlərin qadını dayandırmaq cəhdlərinə baxmayaraq, o, enməyə davam edib və yalnız 21-ci mərtəbədə - yerdən təxminən 50 metr hündürlükdə dayanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər binanın daxilindən müdaxilə ediblər. Əvvəlcə qadına təhlükəsizlik kəndiri bağlanıb, daha sonra metal barmaqlıqlar kəsilərək onun kondisioner platformasında dincəlməsi üçün şərait yaradılıb. Uzun müddət hündürlükdə qalan qadına su və gödəkçə verilib.

Məlum olub ki, 27-ci mərtəbədə tək yaşayan qadın ehtiyatsızlıqdan özünü otaqda kilidləyib. Telefonu digər otaqda qaldığı üçün kömək çağıra bilməyən Pekin sakini panikaya düşərək pəncərədən çıxıb və barmaqlıqlardan tutaraq aşağı enmək qərarına gəlib.
Təxminən 20 dəqiqəlik fasilədən sonra xilasedicilər platforma ilə 21-ci mərtəbədəki mənzilin pəncərəsi arasında keçid yaradaraq qadını xərək vasitəsilə içəri keçiriblər. Möcüzə nəticəsində hadisə xəsarətsiz başa çatıb.