Çinə güclü "Delfin" tayfunu ilə əlaqədar bir milyondan çox insan təxliyə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Qasırğa 1 000-dən çox aviareysin ləğvinə, bir milyon nəfərin təxliyəsinə və ən yüksək səviyyəli fövqəladə vəziyyət elan edilməsinə səbəb olub.
Vençjou şəhərindən 900 mindən çox sakin təxliyə edilib, 1 000-dən çox müvəqqəti sığınacaq açılıb. Bundan əlavə, Şanxayın iki əsas hava limanında təxminən 1 400, Hançjou hava limanında isə 270 reys ləğv edilib.
Çinin Milli Meteorologiya İdarəsinin məlumatına görə, tayfun yerli günorta saatlarında Çjetszyan əyalətinin Yuyhuan şəhəri yaxınlığında sahili vurub. Tayfunun mərkəzinə yaxın ərazidə küləyin sürəti saatda 150 kilometrdən çox olub. Çjetszyan əyalətinin mərkəzi və şərq hissələrində 250-500 mm yağıntı düşəcəyi gözlənilir.
Daha əvvəl "Delfin" tayfunu səbəbindən ölkədə turizm obyektlərinin bağlandığı, bərə reyslərinin dayandırıldığı və aviareyslərin ləğv edildiyi bildirilmişdi.