Çinin Xubey əyalətində baş vermiş güclü tufan və qasırğa nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Çin Mərkəzi Televiziyası yayıb. Bildirilib ki, itkin düşən bir nəfərin axtarışları davam edir. Məlumata görə daha 331 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd olunub ki, kəskin hava şəraiti əyalətin 14 mindən artıq sakininə ziyan vurub. Fəlakət nəticəsində 22 yaşayış evi tamamilə uçub, 4 800 tikiliyə isə ciddi zərər dəyib.
Bundan əlavə ölkə rəhbərliyi daşqın təhlükəsi ilə əlaqədar Quansi-Çjuan muxtar bölgəsinin Xencjou şəhərindən təxminən 54 min sakini təhlükəsiz ərazilərə köçürüb. "Sinxua" agentliyinin məlumatlarına əsasən, Xencjouda ən azı dörd nəfər həlak olub, daha səkkiz sakin isə itkin düşmüş hesab olunur. Təbii fəlakət zonasında ümumilikdə 85 minə yaxın insanın olduğu bildirilir.
Mərkəzi Çinin Xubey əyalətinin şərq hissəsində bazar ertəsi axşam saatlarında baş verən tufan və şiddətli külək nəticəsində səkkiz nəfər həlak olub, daha bir nəfər isə itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin Xuanşi, Xuanqan, Eçjou və Syannin şəhərlərində güclü küləklə müşayiət olunan tufan qeydə alınıb. İki qəsəbədə küləyin sürəti 13 bala çatıb, bəzi yaşayış məntəqələrində isə tornado qeydə alınıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hazırda fəlakət bölgəsində xilasetmə əməliyyatları davam etdirilir.
Bundan başqa, ölkənin şimal-qərb bölgəsində yerləşən Qansu əyalətində torpaq sürüşməsi baş verib. Bildirib ki, hadisə nəticəsində 16 nəfər dağıntılar altında qalıb. Hazırda hadisə yerində xilasedicilər, tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyət göstərirlər. Yerli hakimiyyət orqanları fəlakət zonasında olan insanların təxliyəsini və təhlükəsiz yerlərə yerləşdirilməsini təmin ediblər.