Futbol üzrə dünya çempionatı (DÇ-2026) öncəsi təşkilatçı ölkələrdən biri olan ABŞ-nin qərb bölgələrində dağıdıcı fırtınalar tüğyan edir.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Təbii fəlakət nəticəsində yüzminlərlə insan elektriksiz qalıb, Çikaqo hava limanlarında isə mindən çox uçuş təxirə salınıb və ya ləngiyib. Gündüz saatlarında başlayan fırtınalar ağacları kökündən qoparıb və binalara ciddi ziyan vurub.
Sinoptiklər daşqınlara səbəb ola biləcək güclü leysan yağışları, qısamüddətli tornadolar və dağıdıcı küləklər barədə xəbərdarlıq ediblər. Çikaqo ərazisində hava şəraitinin daha da pisləşməsi gözlənilir. Şiddətli tufanla əlaqədar Çikaqonun iki ən böyük hava limanı bütün aviareysləri müvəqqəti olaraq dayandırıb. Analoji hal Nyu-Yorkda yerləşən Con Kennedi adına beynəlxalq hava limanında da qeydə alınıb.
Ölkənin meteorologiya qurumu İllinoys, Kanzas, Missurinin şimalı və Ayovanın cənub ərazilərində tornado təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.