"Rusiya bu gün" ("Rossiya Seqodnya") beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyov Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin "Vesti Nedeli" verilişində səsləndirdiyi konkret hansı bəyanata görə Ermənistan XİN-ə çağırıldığını bilmədiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Dmitri Kiselyov bu barədə News.ru-ya açıqlamasında söyləyib.
D.Kiselyov vurğulayıb ki, hazırda şərh ediləcək bir şey yoxdur:
"Konkret hansı bəyanatın erməni qardaşlarımı incitdiyini başa düşə bilmirəm. Hələlik şərh ediləcək bir şey yoxdur", - deyə tanınmış jurnalist qeyd edib.
Xatırladaq ki, yanvarın 15-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan XİN-ə çağırılıb. Bu barədə Ermənistan XİN-in Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, buna səbəb cari il yanvarın 12-də Rusiyanın Ümumrusiya Dövlət Televiziya kanalında yayımlanan "Vesti nedeli" proqramında "Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı süni şəkildə yaradılan narrativlər" olub. XİN-də səfirə müvafiq etiraz notası da təqdim edilib.