Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dörd fəsil dəniz mövsümü olan şimal adası - REPORTAJ + FOTO
Gözəl antik limanları, əfsanəvi beşbarmaq dağları, dənizinin şəffaf suyu, qızıl dəyərində qumu və D vitamini deposu Günəş vannası… Hətta mart ayında (elə bizim kimi) Şimali Kiprə gəlmisinizsə, çimərlik geyimlərinizi mütləq üzərinizdə götürün. Aralıq dənizi iqlimi əminliyə əsas verir. Paytaxt Lefkoşada hərarət cəmi +18 olsa da, hovuza baş vurub özüm üçün mövsümü açıq elan etdim. Yay aylarında isə burada havanın hərarətinin yüksək olması səbəbindən bəzən nahardan sonra işlər dayandırılır, ictimai xarakterli obyektlər də bağlanır.
Təbiət, mədəniyyət, tarix…
Siciliya və Sardiniyadan sonra Aralıq dənizinin üçüncü böyük adasıdır Kipr. Əsrlərə şahidlik edən tarixi məkanları, Roma, Osmanlı imperiyalarının əsrarəngiz izləri, qalaları, muzeyləri, qədim evləri, nüfuzlu ali təhsil müəssisələri, fərqli hotel və əyləncə mərkəzləri, kazinoları, infrastruktur, ləziz yeməkləri bir yana, hər addımında portağal, naringi, həmişəyaşıl ağacları və s. gözəllikləri ilə şübhəsiz cənnət adlandırıla biləcək bir yurd. Eşq və gözəllik tanrısı Afroditanın doğulduğu məkan, sanki məhz turizm üçün yaradılmış qeyri-adi bir ada. Təsadüfi deyil ki, Şimali Kipr Türk Cümhuriyyətini (KKTC) “Kiçik Vətən”lə yanaşı, “Yaşıl ada” və ya “Cənnət adası” kimi də adlandırırlar. Uzun müddət adada hakim olan ingilislərin də izləri aşkar müşahidə edilir. Elə ilk diqqətçəkən məqam isə yollardadır. Burada alışdığımızdan fərqli olaraq, hərəkət istiqaməti soltərəflidir. Sükan isə avtomobilin sağındadır. Ona görə də 20 ilə yaxın sürücülük təcrübəm olsa da, sükan arxasına keçməyə cəhd belə eləmədim. Əmlak alqı-satqısında isə hələ də ingilis funt sterlinqindən istifadə edilir. Hətta ev kirayələri belə, əsasən, sterlinqlə qəbul edilir.
Şekspir və “Akdeniz axşamları”…
Şekspirin məşhur əsərlərindən birini yazarkən kimdən təsirləndiyini öyrənəcəyinizə, məşhur mahnıda deyildiyi kimi, “Akdeniz axşamları”nın (türklər Aralıq dənizini Akdeniz adlandırırlar - red.) gözəlliyini ruhunuzla duyacağınıza zəmanət verən bir torpaqdır Şimali Kipr. Bütün bu anları cəmi bir dəfə yaşamaq kifayətdir ki, ömür boyu yaddaşınızdan silinməsin. Elə bu səbəbdəndir ki, paytaxtda dünyanın hər yerindən gələn turistləri görmək mümkündür.
Gedək, Dezdemona, gedək bir yerdə,
Bir daha xoş gördük səni Kiprdə…
Bu gün də əsərləri dünya teatrlarının repertuarından düşməyən Şekspir. Onun məşhur “Otello” faciəsində hadisələrin bir hissəsi məhz Kipr adasında baş verir və yazıçı məhz burada yerləşən Liman qalasından ilhamlanaraq tarixdə iz qoyan əsərini qələmə alıb.
Dünyada bənzəri olmayan paytaxt şəhər…
Girne kapısı, Venedik sütunu, Selimiye Cami, Büyük Han, Arap Ahmet Cami və başqa onlarla mədəniyyət nümunəsi. Dünyanın iki hissəyə bölünmüş tək paytaxt şəhəridir Lefkoşa. Yunan tərəfi ilə adanı ikiyə bölən “yaşıl xətt” 1974-cü ildəki Kipr Sülh Hərəkatı nəticəsində formalaşdırılıb. Adanın üçdəbirində yaşayan, sayları 350 mindən artıq olan (tələbələr, işçi qüvvəsi və s. ilə bu rəqəm 1 milyona yaxındır) KKTC vətəndaşları qarşı tərəfə rahatlıqla keçə bilirlər. Türkiyə və digər ölkə vətəndaşları isə hətta Şengen vizasına sahib olsalar belə, öncə Afinaya getməlidirlər, ancaq bundan sonra adanın yunan tərəfini ziyarət etmək imkanı əldə edə bilərlər. Həmin “yaşıl xətt”in yaxınlığında yerləşən məhəllələrlə, tikililərlə tanış olduqca buranın mədəniyyətlərin beşiyi, Osmanlının izlərini layiqincə daşıyan bir məkan olduğu fikri daha da qətiləşir. Osmanlı zamanında yunanlar və türklər bu məhəllələrdə birgə yaşayırdılar. Adada mehriban qardaşlıq münasibətləri, sülh bərqərar idi.
Amma Osmanlı imperiyasının gedişi ilə çox şey dəyişir. Kıprıs Türk Ticarət Odası İdarə Heyətinin üzvü Mustafa Ergüven deyir ki, tarixə geniş nəzər salmadan yalnız onu əminliklə demək olar ki, 1974-cü il Kipr hərəkatı olmasaydı, böyük ehtimalla Kipr, türklərin təzyiq altında yaşadıqları, məhrumiyyətlərə məruz qaldıqları bir yunan adasına çevriləcəkdi. Ona görə də Kiprin bərabər hüquqlara malik iki xalqından biri - türk xalqı öz dövlətini yaratdı və ada iki hissəyə bölündü. Aralıq dənizinin şərqində həm Şimali Kipr Türk Cümhuriyyətinin, həm də Türkiyənin sahil təhlükəsizliyi də xüsusi əhəmiyyətə malikdir.
1974-cü ildə başlanan Kipr hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası müstəqilliyini bəyan edib. Şimali Kiprin müstəqilliyi yalnız Türkiyə Respublikası tərəfindən tanınır. Rəsmi Bakının da Şimali Kiprlə münasibətləri yaxşı səviyyədədir və paytaxtımızda rəsmi nümayəndəliyi fəaliyyət göstərir.
KKTC-nin rəsmi dili türkcə olsa da, xalqın danışdığı dil Türkiyə türkcəsindən fərqlənir. Hətta bəzi sözlər tamamilə fərqlidir. Misal üçün, Türkiyədə diş pastasına, Şimali Kiprdə isə mürəbbəyə “macun” deyilir.
Strateji əhəmiyyəti daim aktual olan paytaxt Lefkoşa ilə yanaşı, Girne, Gazimağusa da adanın gəzməli və görməli şəhərlərindəndir.
Girne - Şimali Kiprin sadaladığımız bütün xüsusiyyətlərini özündə tam əks etdirən bir məkandır. Burada əsrarəngiz Girne qalası, gözəl Girne limanı, dəniz səviyyəsindən 732 metr hündürlükdə yerləşən heyrətamiz Hillarion qalası, Bellapais monastırı əsrlər öncəyə “zaman maşını” olmadan da səyahət imkanı yaradır.
Gazimağusa isə sanki açıq hava altında bir muzeydir. Salamis antik şəhəri, Salamis nekropolu, Kral məzarları, Sinan paşa camisi, Venedik sarayı, Cəfər paşa hamamı, Çelebi Mehmet türbəsi, Namiq Kamal zindanı və s. əhəmiyyətli tikililər tarixi tək oxumaq yox, həm də ona toxunmaq şansı yaradır. Havanın hərdən yağışlı olmasına baxmayaraq, biz də bu gözəllikləri gördük və duyduq.
“Ruhlar şəhəri”ndə “kədər turizmi”
Bir zamanların ən məşhur turizm məkanlarından, Hollivud ulduzlarının tərəddüdsüz seçimlərindən olan Kapalı Maraş (və ya Varoşa) isə səyahətimizin həm ən maraqlı, həm də ən kədərli hissəsi oldu. Elə Şimali Kipr rəhbərliyi də buranı turistlərə “dark tourism” məkanı kimi təqdim edir. “Kədər turizmi”nə ev sahibliyi edən Maraşı vaxtı ilə Aralıq dənizinin Las-Veqası da adlandırırdılar. Maraş Kipr Sülh Hərəkatı zamanı Türkiyə Silahlı Qüvvələri tərəfindən ələ keçirilib. Rəsmi Ankara dəfələrlə cəhd etsə də, yunan tərəfinin barışmaz mövqeyi nəticəsində ərazi bağlı qalıb. Adının əvvəlinə əlavə edilən “qapalı” təyinatı, nəhayət ki, 46 ildən sonra (2020-ci il) tarixə qovuşub. Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin illərlə göstərdiyi səylər nəticəsində Maraş artıq turistlərin üzünə açılıb və şəhər yenidən canlanır.
Şimali Kiprə ikinci səfərimiz olsa da (ilk 2018-ci ildə), yenə də onun gözəlliklərindən, enerjisi və sehrindən doymadıq. Adada həmsöhbət olduğumuz hər kəs deyir ki, ən azı bir dəfə görmək və gəzmək kifayətdir ki, Kiprin sehrinə düşəsən. Odur ki, Şimali Kipr tətili hər kəsə israrla tövsiyə olunur. Qarşıdakı aprel, may, iyun ayları isə bunun üçün ən uyğun vaxtdır.
Elnur Niftəliyev
Rəylər