Misir milli komandasının ABŞ-nin Dallas şəhərində yerləşdiyi hoteldə komanda meneceri İbrahim Hassanın polis tərəfindən əngəllənməsi nəticəsində toqquşma yaşanıb. Hadisə Trezeqenin bir uşaq azarkeşlə şəkil çəkdirdiyi vaxt baş verdi.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber7" məlumat yayıb.
ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi 2026-cı il Dünya Çempionatı yaşıl meydanlardan kənardakı hadisələrlə diqqət çəkir. Avstraliya ilə 1/16 final mərhələsi çərçivəsində keçiriləcək oyun üçün Dallasda olan Misir nümayəndə heyəti hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma yaşayıb.
Yığmanın qaldığı hoteldə azyaşlı tərəfdarın misirli oyunçu Trezeqe ilə şəkil çəkdirmək istəməsi qəfil gərginliyə səbəb olub.
Komandanın baş məşqçisi Hossam Hassanın qardaşı, eyni zamanda, millinin meneceri olan İbrahim Hassan Trezeqe və uşağın olduğu yerə yaxınlaşmaq istəyərkən ABŞ polisi tərəfindən kobud müdaxilə ilə dayandırılıb.
Yaranmış vəziyyətə sərt reaksiya verən Hassan və Misir nümayəndə heyətinin üzvləri ilə polislər arasında fiziki münaqişə yaranıb. Sosial şəbəkələrdə yayılan kadrlarda polis əməkdaşlarından birinin əlini kəmərinə ataraq qandal çıxardığı müşahidə edilib.
Hassanın yaşananlardan sonra verdiyi açıqlamada uşağın atasına Misir Milli Komandasının inzibati heyəti ilə əlaqə saxlamağa çağırış etdiyi və onları Avstraliya-Misir matçına dəvət edəcəyini dediyi bildirilir.