İranın sabiq dini lideri Əli Xamenei ilə vida mərasimi başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, mərasim Tehranın mərkəzində İslam inqilabının lideri ayətullah Ruhullah Xomeyni adına Mosalla ibadət kompleksində keçirilir.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqainin sözlərinə görə, vida mərasiminə 8 dövlət başçısı və 12 parlament rəhbəri qatılacaq. Agentlik qeyd edib ki, İraq Kürdüstan Regionunun Başçısı Nəçirvan Bərzani, Ermənistanın baş naziri Nikol Paşinyan, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov artıq paytaxt Tehrana gəliblər. Bəqai həmçinin qeyd edib ki, 100-ə qədər ölkə bu mərasimdə iştirak etmək üçün həm rəsmi nümayəndə heyətləri, həm də ictimai xadimlər və qruplar göndərir. Tədbirdə qonşu dövlətlərdən olan yüksək səviyyəli heyətlər də yer alıb. Bəqai bildirib ki, çox sayda dövlətdən isə xarici işlər nazirləri, digər hökumət üzvləri və xüsusi nümayəndələr iştirak edirlər.
İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin təhlükəsizlik səbəblərinə görə atası Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etməyəcəyi bildirilib.
Tehranda Qətər, Livan, Suriya, Venesuela, Belarus və KXDR-dən də nümayəndə heyətləri gözlənilir. Bununla yanaşı, HƏMAS, "Hizbullah", Yəmən husiləri və İraqdakı şiə qruplaşmalarının nümayəndələrinin də iştirakı planlaşdırılır.
Qeyd edək ki, Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana birgə hücumu nəticəsində yaxın ailə üzvləri ilə birlikdə həyatını itirib. Əli Xameneinin cənazəsi iyulun 9-da Məşhəddə İmam Rza türbəsində torpağa tapşırılacaq.
Xatırladaq ki, vida mərasimində iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmi şəxslər daxildirlər.