2024-cü ilin iyul ayında ABŞ Məxfi Xidmətinin işçiləri yol verdikləri nöqsanlar səbəbindən o dövrdə Respublikaçılar Partiyasının prezidentliyə namizədi olan Donald Trampa edilən sui-qəsd cəhdinin qarşısını almaqda aciz qalıblar.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin baş müfəttişliyi tərəfindən hazırlanmış hesabatda deyilir.
Müvafiq sənəddə bildirilir ki, "Məxfi Xidmət 13 iyul 2024-cü il tarixində keçirilən mitinq zamanı Tomas Kruksun Trampa hücum cəhdini müəyyən etmək, ona mane olmaq və qarşısını almaq kimi mühüm fürsətləri qaçırıb".
Hesabatda xüsusi olaraq qeyd edilir ki, mühafizə xidmətinin personalı Kruksun ərazini dronla izləməsinin fərqində olmayıb. Bu halın baş verməsi isə əməkdaşlardan birinin zəif hazırlığı və "texniki avadanlıqlardakı qüsurlar" ilə əlaqələndirilib.
Sənəddə, həmçinin vurğulanır ki, qurumun işçiləri "yerli hüquq-mühafizə qurumları ilə ortaq əməliyyat qərargahı qura bilməyiblər". Nəticədə ərazidəki bir çox şəxsin Kruksun davranışlarını şübhəli bilməsinə dair məlumatlar onlara çatmayıb. Bununla yanaşı, xidmət əraziyə tələb olunan sayda personal cəlb etməyib və Kruksun yerləşdiyi binanın damından mümkün atəş təhlükəsini aradan qaldırmaq məqsədilə zəruri addımları atmayıb.
Xatırladaq ki, Donald Trampa 13 iyul 2024-cü ildə sui-qəsd cəhdi olub. Siyasətçi yüngül xəsarət alıb və güllə onun yalnız qulağını sıyırıb keçib. Hücumu həyata keçirən 20 yaşlı ABŞ vətəndaşı Tomas Metyu Kruks elə hadisə yerində Məxfi Xidmət əməkdaşları tərəfindən zərərsizləşdirilib.