"Kommersiya neft ehtiyatları dünya bazarını daha bir neçə həftə təmin edə biləcək, lakin biz onların həcminin sürətlə azaldığını yaddan çıxarmamalıyıq".
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bəyan edib.
"Şimal yarımkürəsində səpin işlərinin və yay turizm mövsümünün başlanması dizel və aviasiya yanacağına, benzinə və gübrələrə tələbatın artması ilə əlaqədar ehtiyatların daha sürətlə azalmasına səbəb olacaq", - deyə Birol "Böyük Yeddilik" ölkələrinin maliyyə nazirlərinin görüşündə jurnalistlərə bildirib.
O əlavə edib ki, bazarın hər gün 2.5 milyon barel neft alması sayəsində mövcud olan strateji ehtiyatlar "sonsuz deyil". Mart ayında BEA-nın 32 üzv ölkəsi rekord həddə - 400 milyon barel neft satmaq barədə razılığa gəlib, onlardan 164 milyonu artıq mayın 8-nə qədər bazara daxil olub.
BEA-nın aylıq hesabatında bildirilir ki, kommersiya neft ehtiyatları mart-aprel aylarında rekord sürətlə azalıb, bazar iştirakçıları onlardan 246 milyon barel (gündəlik təxminən 4 milyon barel) neft götürüblər.