Ermənistanın Antikorrupsiya Məhkəməsi "Güclü Ermənistan" partiyasının lideri, sahibkar Samvel Karapetyanın tərəfdarı Qohar Qumaşyana qarşı qaldırılmış işə baxılması çərçivəsində Böyük Vətən müharibəsinin 103 yaşlı iştirakçısı Rozaliya Abqaryanı dindirəcək.
Oxu.Az bildirir ki, bu barədə TASS-a Qumaşyanın vəkili Vahe Misakyan məlumat verib.
"Bəli, o şahiddir. Prokuror ittiham aktını təsdiqləyərkən o, şahid qismində işə daxil edilib. Bu, ilkin istintaq orqanının rəyidir", - deyə vəkil qeyd edib.
Aprelin 14-də "Güclü Ermənistan" partiyasının üzvləri Qohar Qumaşyan və Verjine Stepanyan seçkiqabağı dövrdə xeyriyyəçiliklə bağlı qanunvericiliklə müəyyən edilmiş qadağanı pozmaq ittihamı ilə saxlanılıblar. Aprelin 15-də Ermənistanın Antikorrupsiya Məhkəməsi ittiham tərəfinin onların ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini rədd edərək, barələrində qətimkan tədbiri kimi inzibati nəzarət seçib.