Ermənistanda saxlanılan arxiyepiskop Mikael Adjapaxyan ölkənin müxalifət partiyalarının təklifinə qarşı çıxaraq baş nazir postuna namizədlər siyahısında adını görmək istəmədiyini bildirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə arxiyepiskopun vəkili Ara Zöhrabyan məlumat verib. "
Bir din xadimi kimi xidmətimdən tam razıyam, ona görə də adımın baş nazir vəzifəsinə namizədlər siyahısında hallanmamasını xahiş edirəm", - arxiyepiskopun adından dərc edilən bəyanatda bildirib.
Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyan Ermənistan İstintaq Komitəsinin (İK) İrəvandakı binasına gəlib və artıq onun saxlanılması barədə qərar qəbul edilib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, arxiyepiskop buraya Eçmiədzindən gəlib. Orada təhlükəsizlik qüvvələri din xadimini konstitusiya quruluşunun devrilməsinə açıq çağırış ittihamı ilə saxlamağa çalışıblar.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları arxiyepiskopu dərhal İstintaq Komitəsinin binasına aparıblar. Binanın yaxınlığındakı bütün küçə və ona bitişik həyətlər polis tərəfindən mühasirəyə alınıb. Din xadiminin tərəfdarları da İstintaq Komitəsinin yanında toplaşıblar.
Ermənistan təhlükəsizlik qüvvələrinə Eçmiədzindən geri çəkilmək əmri verilib.
Bu barədə Oxu.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları arxiyepiskop Mikael Adjapaxyanı saxlamaq üçün gəldikləri katolikosun iqamətgahının ərazisini tərk ediblər.
Milli Təhlükəsizlik Xidməti bildirib ki, geri çəkilmək əmri təhlükəsizlik məqsədilə və vəziyyətin mümkün və qəsdən gərginləşməsinin qarşısını almaq üçün verilib.
Hüquq-mühafizə orqanlarının qanuni hərəkətlərinə mane olmağa hüquqi qiymət veriləcəyi də vurğulanıb.
Eyni zamanda, Ermənistan İstintaq Komitəsi arxiyepiskop Mikael Adjapaxyanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmasına mane olan vətəndaşlara qarşı da cinayət işi açıb. Bu şəxslərin hərəkətləri ədalət mühakiməsinə maneçilik kimi qiymətləndirilib.
Həmçinin vəkillərdən Ara Zöhrabyan qeyd edib ki, arxiyepiskop Mikael Adjapaxyan özü Ermənistan İstintaq Komitəsinin qarşısına çıxmaq qərarına gəlib və vəkilləri ilə birgə komitəyə yola düşüb, bəzi keşişlər də onlarla birlikdə gediblər.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları, nəhayət ki, Eçmiədzinin ehtiyat girişlərindən birində mühafizə postunun pəncərəsini sındırmağa müvəffəq olublar və təhlükəsizlik qüvvələri bir-bir əraziyə daxil olurlar.
Bu barədə Oxu.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir.
Qeyd olunub ki, Eçmiədzinə getdikcə daha çox qüvvə yaxınlaşır - Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlılarından əlavə, əraziyə Kriminal Polis Baş İdarəsinin əməkdaşları da gəliblər və digərləri kimi, maskadadırlar.
Həmçinin bildirilib ki, təhlükəsizlik qüvvələrinin saxlamağa çalışdıqları, lakin dindarlar və keşişlərin onu aparmağa icazə vermədiyi arxiyepiskop Mikael Adjapaxyanın vəziyyəti pisləşib. O, hazırda bütün ermənilərin katolikosunun iqamətgahındadır.
Ermənistan təhlükəsizlik qüvvələrinin nümayəndələri arxiyepiskop Mikael Adjapaxyanı aparıblar.
Bu barədə Oxu.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir.
Məlumata görə, bu dəqiqələrdə Eçmiədzində vəziyyət son dərəcə gərgindir.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşların Eçmiədzinə daxil olmaq istədikləri prospekti bağlayıblar.
Eçmiədzində polislə keşişlər arasında dava düşüb.
Bu barədə Oxu.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir.
Qeyd edək ki, daha əvvəl Ermənistan Təhlükəsizlik Xidmətinin maskalı xüsusi təyinatlıları kilsəyə basqın etmişdilər. Keşişlər katolikosun iqamətgahına təhlükəsizlik qüvvələrinin soxulmasına icazə vermək istəmirlər.
Bir qrup keşiş və dindarlar qapıları bağlayıb, arxiyepiskop və Erməni Apostol Kilsəsinin rəhbərinə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşmək üçün iqamətgahı tərk etməyə icazə vermirlər.
Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanın saxlanılması barədə qərar qəbul ediblər.
Oxu.Az-ın "Sputnik Ermənistan"a istinadən verdiyi xəbərə görə, bu barədə vəkil Ara Zöhrabyan toplaşan keşişlər qarşısında məlumat verib.
Vəkilin qeyd etdiyi kimi, yepiskop İstintaq Komitəsinin qarşısına çıxmalıdır, bundan sonra onun həbsi ilə bağlı məhkəməyə vəsatət veriləcək.
Vəkil arxiyepiskopun müdafiəsi üçün hər şeyi etmək niyyətindədir. O hesab edir ki, bu cinayət işi hakimiyyətin kilsə əleyhinə kampaniyasının məntiqinə uyğundur.
Qeyd edək ki, cinayət işi bu il iyunun 17-də açılıb, buna səbəb 2024-cü ilin fevralında yepiskopun verdiyi müsahibə olub. İstintaqın versiyasına görə, bu müsahibədə hakimiyyətin ələ keçirilməsi və konstitusiya quruluşunun devrilməsinə çağırışlar edilib.
Hazırda Ermənistan təhlükəsizlik qüvvələri katolikosun Eçmiədzində yerləşən iqamətgahındadırlar.
Oxu.Az-ın "Sputnik Ermənistan"a istinadən verdiyi xəbərə görə, bu barədə vəkil Miqran Poqosyan paylaşım edib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanın burada olub-olmaması ilə maraqlanıb. Məlum olduğu kimi, səhər saatlarından etibarən Adjapaxyanın Gümrüdəki iqamətgahında axtarışlar aparılır.
O da məlumdur ki, bu dəqiqələrdə ruhanilərin nümayəndələri iqamətgahın həyətində keşişlərin görüşünə toplaşıblar.
İyunun 27-si səhər saatlarında 30-a yaxın maskalı şəxs Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanın iqamətgahına basqın edib.
Oxu.Az-ın "Sputnik Ermənistan"a istinadən verdiyi xəbərə görə, bu barədə vəkil Miqran Poqosyan məlumat verib.
Arxiyepiskopun özü bildirib ki, həqiqətən də, onun iqamətgahına basqın cəhdi olub, lakin özü orada olmayıb.
Qeyd edək ki, bundan əvvəl yeparxiyanın rəhbəri arxiyepiskop Mikael Adjapaxyana qarşı hakimiyyəti ələ keçirmək üçün ictimai çağırışlar əlamətləri üzrə cinayət işi qaldırılıb.
Xatırladaq ki, iyunun 25-də İstintaq Komitəsi "Müqəddəs mübarizə" üzvlərinin Ermənistanda hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlaması barədə məlumat yayıb. Hərəkatın lideri Baqrat Qalstanyanın və onun tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparılıb. Elə həmin gün axşam saatlarında məhkəmə onları həbs edib.