Yaxın zamanlarda Ermənistan Azərbaycan və Gürcüstan ərazisindən tranzitlə gətiriləcək dənli bitkilərin yeni partiyasını gözləyir.
Oxu.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, yük artıq yoldadır, onların İrəvana nə zaman gətiriləcəyi barədə dəqiq məlumat yoxdur. Nazir bildirib ki, dənli bitkilərin haradan idxal olunduğu haqqında da daha sonra məlumat veriləcək.
"Yük gəlib çıxanda mən yükün həcmi barədə dəqiq bir söz deyəcəyəm", - deyə G.Papoyan bildirib.
Azərbaycandan neft məhsullarının mümkün nəqli barədə sualı cavablandıran qurum rəsmisi bildirib ki, bu barədə informasiya yalnız onların faktiki olaraq ölkəyə gətirilməsindən sonra açıqlanacaq.
Qeyd edək ki, Rusiya buğdasının əvvəlki partiyası Ermənistan sərhədində yerləşən "Ayrum" stansiyasına noyabrın 5-də, Qazaxıstan buğdası isə noyabrın 8-də çatıb. Bu, son 35 ildə Rusiyadan Azərbaycan, ya onun ərazisi vasitəsilə Gürcüstana və oradan da Ermənistana ilk birbaşa dəmir yolu partiyası olub.