Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Eybinə kor olmayan İran və lideri: Molla rejiminin əməlləri öz başında çatlayacaq
Son dövrlərdə İran-Azərbaycan münasibətlərində rəsmi Tehranın qeyri-konstruktiv addımlarına görə yenidən müəyyən gərginliklərin artması müşahidə olunur. Belə ki, İranın rəsmi və qeyri-rəsmi bəzi dairələrində Azərbaycan və onun rəhbərliyinə qarşı təhqiramiz ifadələr işlədilir, ikitərəfli münasibətlərin ruhuna xələl gətirilir.
2024-cü ilin 29 dekabrında Ərdəbildə İranın ali dini rəhbəri Xameneinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amulinin iştirak etdiyi İranın Radio və Televiziya Təşkilatının "Xəbər Şəbəkəsi" kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə bu ay İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı və İran tərəfinə sərt etiraz bildirildi. Ən vacibi, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində İran mollalarının Azərbaycana qarşı son vaxtlar səsləndirdikləri qeyri-adekvat fikirləri "təhqir" adlandırdı və rəsmi Tehranın Azərbaycan xalqından üzr istəməsini tələb etdi. Lakin Rəsmi Tehran təqsirini başa düşüb eybinə kor olmaqdansa, eyni səhvi yenidən təkrar etdi.
Belə ki, bu dəfə İranın ali dini rəhbəri Əli Xameneinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanallarına müsahibəsindən sonra qorxuya düşənlərdən biri olub. Molla Azərbaycan Prezidenti barədə özünə və təmsil etdiyi hökumətə layiq ifadələrlə çıxış edib.
Bununla da, İran rəsmiləri növbəti dəfə Azərbaycan və Türkiyə prezidentlərinə düşmənçiliyini nümayiş etdiriblər. Sözügedən davranış nə bölgədə baş verən gerçəkləri anlamaqdan, nə də qarşılıqlı hörmət prinsiplərindən xəbər verir, əksinə nifaq siyasətini açıq şəkildə ortaya qoyur.
Bəs niyə özünə və təmsil etdiyi hökumətə layiq? Niyə mollaların sərsəm fikirlərinə görə rəsmi Tehran məsuliyyət daşıyır? Çünki İranda ali dini lider Ayətullah Əli Xamenei ölkənin siyasi və dini rəhbəri olaraq, əsas qərarların qəbulunda həlledici təsirə malikdir. İranda molla rejiminin strukturu elə qurulub ki, yüksəksəviyyəli ruhanilərin - mollaların siyasi bəyanatları və çıxışları Xameneinin ümumi siyasətinə uyğun olur. Bu baxımdan, Azərbaycan əleyhinə təhqiramiz ifadələrin Xameneinin razılığı və ya ən azı dolayısı ilə təsdiqi olmadan səsləndirilməsi mümkün deyil. Əks halda, onlar cəzalanmalı idilər. Amma cəza əvəzinə mollalar bu fikirləri davam etdirirlərsə, deməli, bu siyasətin arxasında birbaşa Xamenei dayanır. Çünki İran hökuməti mollalar vasitəsilə öz ictimai və beynəlxalq mesajlarını çatdırır. Bu mesajlar bəzən birbaşa hökumətdən deyil, dini şəxslərin vasitəsilə səsləndirilir ki, rəsmi Tehran birbaşa cavabdehlikdən yayınsın. Çünki Azərbaycan əleyhinə çıxışlar və təhqiramiz ifadələr İranın əsas strategiyasının bir hissəsidir. Bu ifadələr İranın siyasi maraqlarını müdafiə etmək və Azərbaycanla əlaqədar öz narazılığını ifadə etmək üçün bir vasitə kimi istifadə edilir. Bu da göstərir ki, belə açıqlamalar sistemli şəkildə planlaşdırılır və təsadüfi deyil. Bununla belə, bu siyasət İranın daxili zəifliyindən və Azərbaycanın müstəqil siyasətindən narahat olduğunu göstərir.
Bunun əsas səbəblərinə nəzər salaq:
1. İsraillə münasibətlər. Aydındır ki, Azərbaycanın İsraillə münasibətləri molla rejiminin xoşuna gəlmir, özü bilər. Bakı müstəqil siyasətini kimlərəsə görə təyin etmir. Nəzərə alsaq ki, İran Ermənistanı "qırmızı xətti" adlandıranda İsrail - Azərbaycan arasında münasibətlər bütün sahələrdə böyüməyə davam edib. Fərq budur. Amma İran öz şovinist yanaşmasından irəli gələrək Azərbaycanın bütün ölkələrlə, ittifaqlarla münasibətlərinə qısqanclıqla yanaşır.
2. Türkiyə ilə münasibətlər. Azərbaycan və Türkiyə arasındakı sıx əlaqələr və əməkdaşlıq da İranı narahat edir. Çünki İran regionda güclənən Türk Dövlətləri Təşkilatını - Türk ittifaqını həzm edə bilmir.
3. Cənubi Azərbaycan. İran əhalisinin böyük bir hissəsi azərbaycanlılardan ibarətdir və onların milli kimlik məsələləri Tehranın həssas nöqtəsidir. Çünki Azərbaycan Respublikasının güclənməsi və milli ruhunun yüksəlməsi Cənubi azərbaycanlıların da müstəqillik ideyası ruhunu artırır. Çünki dünyadakı 50 milyon azərbaycanlı Azərbaycan Respublikasını öz dövləti, İlham Əliyevi isə öz prezidenti hesab edir.
4. Zəngəzur dəhlizi və regional layihələr. Azərbaycanın Zəngəzur dəhlizi üzərində iş aparması, Ermənistan üzərindən Naxçıvana birbaşa əlaqə yaratmağa çalışmasına İran qarşı çıxır. İran din qardaşı Azərbaycanı deyil, Azərbaycan ərazilərini 30 il işğalda saxlayan Ermənistanı "qırmızı xətti" sayır. Zəngəzur dəhlizi isə Ermənistana da faydalı olacağı təqdirdə, Tehran məhz ermənilərin dili ilə bu layihəyə qarşı çıxır, onu strateji maraqlarına zidd hesab edir. Üstəlik, İran bu dəhlizin regional ticarət yollarına və onun tranzit mövqeyinə mənfi təsir göstərə biləcəyini də bəhanə edir.
Nəticə olaraq, bu gərginliklər təbii ki, iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərir. Düzdür, həmişə olduğu kimi, məhz Azərbaycanın beynəlxalq müstəvidəki mövqeyi və xarici siyasəti belə hallarda vəziyyəti nəzarətdə saxlamaqda mühüm rol oynayır, amma İran buna adekvat cavab vermək əvəzinə, əksinə, təxribatlarını daha da intensivləşdirir. Amma İran unutmasın ki, Azərbaycan 20-30 il bundan qabaqkı ölkə deyil, öz sözünü deyən, həm regionda, həm də müxtəlif bölgələrdə fəaliyyət həyata keçirən, prinsipial mövqeyi ilə fərqlənən, təzyiqlərə baxmayaraq, öz maraqlarından geri çəkilməyən bir Azərbaycandır. Ona görə də molla rejiminin mənfur əməlləri yalnız öz başında çatlayacaq.
Mərahim Nəsib
Rəylər