Filippin dövlət başçısı Ferdinand Markos (kiçik) Konqresin Senat binasında baş vermiş silahlı insidentdə hakimiyyətin iştirakını təkzib edərək, hadisənin səbəblərinin aydınlaşdırılmasını tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkə rəhbəri özünün "Facebook" hesabında məlumat yayıb.
"Vətəndaşların təşvişə düşməməsi üçün bir məqamı vurğulamaq istəyirəm: bu hadisənin arxasında hökumət dayanmır. Milli Təhqiqat Bürosunun heç bir əməkdaşı, eləcə də hərbçi və ya əsgər Senat binasına girməyib. Atışmanın hansı səbəbdən başladığı və binaya kimin soxulmağa cəhd etdiyi bizə hələlik məlum deyil. Biz bu məsələni mütləq araşdıracağıq. Hazırda bütün lazımi sübutlar toplanılır", - deyə ölkə rəhbəri müraciətində vurğulayıb.
Eyni zamanda, Ferdinand Markos əlavə edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) barəsində həbs qətimkan tədbiri seçdiyi senator Ronald de la Rosanın saxlanılması üçün heç kimə əmr verilməyib.
Qeyd edək ki, sözügedən senator bundan əvvəl xalqı BCM-in qərarına əsasən onun həbsinə imkan verməməyə çağırmışdı.
Filippin Senatının binasında atışma səsləri eşidilib və bina mühasirəyə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "ABS-CBN News" məlumat verib.
"Əməkdaşlar KİV nümayəndələrindən və personaldan binanın ikinci mərtəbəsini tərk etmələrini istəyiblər. Jurnalistlərin sözlərinə görə, orada ən azı on atəş səsi eşidilib", - deyə məlumatda bildirilib.
Qeyd edilir ki, binada Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə order verdiyi senator Ronald de la Rosa gizlənir. Telekanalın məlumatına görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ikinci mərtəbənin boşaldılmasını əmr etməsindən sonra onu liftə girərkən görüblər.
Bildirilir ki, daha əvvəl Senat Rosaya mühafizə təqdim edib və o, mayın 11-dən bəri faktiki olaraq bu binada sığınacaq tapıb. Mayın 13-də senator ictimaiyyətə müraciət edərək, həbsinin qarşısının alınmasına çağırıb. KİV-in məlumatına görə, Senatın binasına hərbi qulluqçular, polis əməkdaşları və Milli Təhqiqat Bürosunun nümayəndələri cəlb ediliblər.
Filippin Senatının sədri Alan Peter Kayetanonun sözlərinə görə, iclas zamanı eyni zamanda dörd senator binanı tərk etmək zərurəti barədə xəbərdarlıq alıb.