ABŞ-də qadın parkinq yeri üstündə yaranan mübahisə zəminində kişini odlu silahla vuraraq öldürüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Bildirilib ki, hadisə Florida ştatında yerləşən Fort-Loderdeyl yaşayış məntəqəsinin ətrafında qeydə alınıb.
"Çağırış üzrə əraziyə gələn polis əməkdaşları Bart Diqulyelmonu güllə yarası almış vəziyyətdə aşkarlayıblar. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb", - deyə hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən yayılan rəsmi məlumatda qeyd olunur.
Öldürülən şəxsin ABŞ ordusunun 62 yaşlı veteranı olduğu bildirilir. Hadisəni törədən qadın isə ifadəsində özünümüdafiə məqsədilə atəş açdığını iddia edir. ABŞ telekanallarında və sosial mediada yayılan görüntülərdə kişinin "Walmart" hipermarketi yaxınlığındakı tək boş parkinq yerini zəbt edən qadına doğru getdiyi, bu an isə qadının onun qarın nahiyəsindən vurduğu əksini tapıb.