Fransada yetkinlik yaşına çatmayanlara bıçaq satışına 15 gün ərzində rəsmi qadağa qoyulacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Ouest-France" qəzeti baş nazir Fransua Bayrunun aparatına istinadla məlumat yayıb.
Qərar, 14 yaşlı məktəblinin müəlliməni bıçaqlayaraq öldürdüyü hadisədən sonra verilib. Hadisə Fransanın Yuxarı Marna departamentinin Nojan kommunasında baş verib.
Yeni sərəncama əsasən, təhlükəli hesab olunan istənilən növ bıçaqlar "D kateqoriyalı silah" siyahısına əlavə olunacaq və onların yeniyetmələrə satışı qadağan ediləcək. Hazırda bu kateqoriyaya yalnız xəncərlər və xüsusi döyüş bıçaqları daxildir.
Fransa Prezidenti Emmanuel Makron da məsələ ilə bağlı sərt açıqlama verib:
"Yeniyetmənin küçədə və ya məktəbdə bıçaq gəzdirməsi yolverilməzdir. Bu, həm valideynlərin, həm də satıcıların məsuliyyətidir", - deyə o bildirib.
Makron satış qaydalarının daha da sərtləşdirilməsinə çağırıb. Yeni qaydaların ölkə üzrə nəzarəti gücləndirəcəyi gözlənilir.