Həkim Paulo Santos qarında şişkinlikdən xilas olmağa kömək etdiyi iddia edilən trend layfhak haqqında fikirlərini bildirib.
Oxu.Az bildirir ki, "Sapo" nəşri onun fikirlərini dərc edib.
Qeyd edilir ki, "TikTok" sosial şəbəkəsində süni intellekt vasitəsilə yaradılan müxtəlif dillərdə videolar yayılıb. Bu videolarda alqoritm tərəfindən yaradılan həkimlər iddia edirlər ki, gecə göbəyə vazelin çəkmək qarında şişkinliyi aradan qaldırır, daha dərin yuxuya getməyə kömək edir, ayaqların soyuq olmasının qarşısını alır, həzmi, eləcə də saçların, dırnaqların və dərinin vəziyyətini yaxşılaşdırır. Lakin Paulo Santos iddia edir ki, bu metodun heç bir elmi əsası yoxdur.
"Bu əsassız nəzəriyyə qədim Hindistan və ya Ayurveda təbabəti ənənəsindən qaynaqlana bilər. Bu ənənədə göbək bədənə açılan qapı hesab edilir. Hesab edilirdi ki, bu nahiyəyə çəkilən yağlar bədənə daha asan nüfuz edir və bütün orqanizmə faydalı təsir göstərir", - deyə həkim izah edib.
Göbəyə çəkilən vazelin daxili orqanlara və orqanizmdəki həyati əhəmiyyətli proseslərə dərindən təsir göstərə bilməz. Bundan əlavə, Paulo Santos qeyd edib ki, vazelinin dəri vasitəsilə sorulması məhduddur.