Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) Bab əl-Məndəb boğazında "Tihama" kommersiya gəmisinə raket zərbəsi endirməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb, daha 10 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Yəmən Sahil Mühafizəsi məlumat yayıb.
"İlkin məlumatlara görə, ölənlər gəminin 4 ekipaj üzvü - 3 pakistanlı və 1 indoneziyalı, həmçinin İkinci Dəniz Briqadasının 2 hərbçisidir", - deyə qurumun SABA informasiya agentliyində yayımlanan açıqlamasında bildirilib.
Yaralanan 10 nəfərdən 7-si gəmi heyətinin üzvü, 2-si Sahil Mühafizəsinin əməkdaşı, 1-i isə hərbçidir. Daha əvvəl Yəmən Nəqliyyat Nazirliyi 4 nəfərin öldüyünü, 4 nəfərin isə yaralandığını açıqlamışdı.
Qurumun məlumatına görə, təhlükəsizlik qüvvələri arasında itkilər gəminin ekipajının təxliyəsi zamanı husilərin həyata keçirdiyi ikinci raket hücumu nəticəsində baş verib.
Bundan təxminən 3 saat sonra husilər gəmiyə partlayıcı ilə yüklənmiş pilotsuz kater göndəriblər. Lakin kater Yəmən hərbçiləri tərəfindən ələ keçirilərək məhv edilib.
Ümumilikdə gəmidən 11 dənizçi xilas edilib.
Yəmən husiləri Bab əl-Məndəb boğazında gəmiyə hücum ediblər. Ballistik raket zərbəsi nəticəsində iki pakistanlı və bir indoneziyalı olmaqla gəmi heyətinin üç üzvü həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Əl-Hədat" və "Əl-Ərəbiyyə" nəşrləri məlumat yayıb.
Məlumata görə, avqustun 11-də Yəmən silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Əl-Cauf əyalətinin şərqində yerləşən husi mövqelərinə zərbələr endirib. Hücum "Ənsar Allah" hərəkatının Yəmənin Mərib şəhərinin məhəllələrinə PUA və ballistik raketlərlə etdiyi hücumlara cavab xarakteri daşıyıb.
Xatırladaq ki, iyul ayının sonunda Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanına qarşı rəsmi olaraq dəniz blokadası elan etmişdi. Bu addım Səudiyyə Ərəbistanına tərəfdar koalisiyanın Səna hava limanına endirdiyi və İran təyyarəsinin enişinə mane olan zərbəsinə cavab addımı kimi atılmışdı.