ABŞ-nin Mülki Aviasiya üzrə Federal İdarəsi (FAA) 2026-cı ilin aprelində başlanan xüsusi kampaniya çərçivəsində 2 mindən çox qeymeri aviadispetçer vəzifəsinə işə cəlb edib.
Oxu.Az "The Hill" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi məlumat yayıb.
Nazirin sözlərinə görə, oyun cəmiyyətlərində yerləşdirilən hədəflənmiş reklamlar və sadələşdirilmiş seçim prosesi sayəsində qurum illik işə qəbul planının 94%-ni yerinə yetirib. Bu göstərici FAA tarixindəki ən sürətli nəticə hesab olunur. 10-17 aprel tarixlərində "YouTube", eləcə də "Fortnite", "Call of Duty" və digər məşhur oyunlarda yayımlanan reklamlarla başlayan kampaniyanın ilk 24 saatı ərzində idarəyə 12 000 müraciət daxil olub.
Namizədlər üçün irəli sürülən tələblərə ABŞ vətəndaşlığı, 31 yaşa qədər olmaq, ingilis dilini mükəmməl bilmək və məcburi ali təhsilin tələb olunmaması daxildir. Seçim mərhələlərini (test imtahanı, tibbi komissiya və təhlükəsizlik yoxlanışı) uğurla keçən şəxsləri akademiyada 4-6 aylıq təhsil, daha sonra isə iş yerində 1-3 illik təcrübə proqramı gözləyir. Üçillik fəaliyyətdən sonra əməkhaqqı ildə 155 000 dolları keçə bilər, həmçinin uzaq ərazilərdə işləməyə görə əlavə ödənişlər nəzərdə tutulur.
Rəsmilər qeyd edirlər ki, əsas məqsəd sadəcə "qeymerləri işə götürmək" deyil. Hədəf, aktiv oyunçular üçün xarakterik olan çoxşaxəli fəaliyyət (multitasking), məkan təfəkkürü və sürətli qərar qəbul etmə bacarıqlarına malik şəxsləri tapmaqdır.