İran döyüş əməliyyatlarının ilk üç günündə ABŞ-nin Yaxın Şərqdəki ən azı yeddi hərbi obyektində rabitə və radar avadanlıqlarına zərər vurub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Nəşr 28 fevral - 2 mart tarixləri arasında İran ordusunun vurduğu ziyanı təsdiqləyən peyk şəkillərini və videogörüntüləri təhlil edib. Qeyd olunub ki, sənədlərdə ballistik raketləri aşkarlamaq üçün istifadə edilən radar sistemlərinə, eləcə də peyk rabitə antenalarına və onların qoruyucu korpuslarına ziyan dəydiyi aydın şəkildə görünür. Qəzet İranın zərbələrinin, ötən ilin iyununda olduğu kimi, ABŞ qüvvələri arasında rabitəni pozmaq məqsədi daşıdığı versiyasını irəli sürüb.
Aparılan təhlillərə görə, İranın zərbələri, ehtimal ki, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ hərbi obyektlərində, eləcə də Yaxın Şərqdəki ən böyük ABŞ hərbi bazası olan Qətərdəki "Əl-Udeyd"də avadanlıqlara zərər verib.
Nəşr qeyd edir ki, ABŞ Mərkəzi Komandanlığının mətbuat xidməti qəzetin məlumatları ilə bağlı şərh verməkdən imtina edib.