Təl-Əviv İranın ABŞ Prezidenti Donald Trampa qarşı yeni sui-qəsd planı hazırladığını sübut edən kəşfiyyat məlumatlarını Vaşinqtonla paylaşıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" nəşri mənbələrə istinadən məlumat verir.
"İsrail ABŞ ilə yeni kəşfiyyat məlumatlarını paylaşıb və bu məlumatların İranın Prezident Trampı öldürmək üçün yeni planına işarə etdiyini bildirir", - deyə materialda qeyd edilir.
Qəzet vurğulayır ki, bu, ABŞ və İran arasında münaqişənin kəskinləşməsinə gətirib çıxara bilər.
WSJ xatırladır ki, İran illərdir İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymaninin qətlinə görə Trampdan qisas almaq niyyətində olduğunu açıq şəkildə bəyan edir.
Xəbər verildiyi kimi, İranın Məşhəd şəhərində sabiq ali lider Əli Xameneinin artıq başa çatan dəfn mərasimi zamanı küçələrdə toplaşan insanlar İranın milli bayraqları və Xameneinin fotoşəkillərindən əlavə, əllərində "Biz Trampı öldürəcəyik" yazılı plakatlar daşıyıblar.
Qeyd edək ki, daha əvvəl CNN nəşrinin yazdığına görə, Tramp Vaşinqton və Tehran arasında münaqişənin kəskinləşməsi fonunda təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən iyulun 8-də Ankarada keçirilən NATO sammitindən yeni təyyarə ilə qayıtmayıb. Məlumata görə, təhlükəsizlik xidməti əməkdaşları qərara gəliblər ki, mövcud vəziyyətdə köhnə avialayner dövlət başçısını qorumaq üçün daha çox uyğundur.
Xatırladaq ki, iyulun 7-də Ankarada keçirilən mətbuat konfransı zamanı Donald Tramp İran hakimiyyətinin onu öldürməyə cəhd edə biləcəyindən narahatlığını ifadə edib.