"Air Canada" aviaşirkətinə məxsus sərnişin layneri Monrealda eniş etdikdən sonra yağışlı hava şəraitində uçuş-eniş zolağından kənara çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Bildirilib ki, insident nəticəsində xəsarət alan olmayıb. Los-Anceles şəhərindən uçan "Boeing 737 Max" təyyarəsinin göyərtəsində 156 sərnişin və 6 heyət üzvü olub.
Sərnişinlərin CBC-yə verdiyi məlumata əsasən, hava gəmisi şiddətli yağış altında eniş edib və şassilər yerə toxunan kimi tormozlanma qaydasında getməyib. Layner qısa müddətdə zolaq boyunca yerləşən otluq əraziyə sürüşüb, bu zaman sərnişinlər tüstü qoxusu hiss ediblər. Hadisə səbəbindən həmin uçuş-eniş zolağı bir neçə saatlıq bağlanıb ki, bu da onlarla reysin gecikməsinə gətirib çıxarıb.
Baş vermiş faktla əlaqədar Kanadanın aviasiya tənzimləyici orqanı tərəfindən müvafiq araşdırmalara başlanılıb.