Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İran xarici işlər nazirinin ingilis dili biabırçılığı - VİDEO
Yanvarın 24-də İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətə, o cümlədən İsrail-HƏMAS münaqişəsinə həsr olunmuş iclasında iştirak və çıxış edib. Həmin çıxışın mətni və videosu az sonra İran Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib. Lakin İran ictimaiyyətinin diqqəti Əmir-Abdullahiyanın mövzu barədə öz hökumətinin mövqeyini ifadə edən tezislərinə, eləcə də ondan sonra çıxış edən İsrailin BMT-dəki daimi nümayəndəsinin İranın və şəxsən Əmir-Abdullahiyanın ünvanına səsləndirdiyi kəskin tənqidi fikirlərə deyil, İran xarici işlər nazirinin ingiliscə nitqindəki qüsurlara yönəlib.
Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan videosüjetdə deyilib.
Əksəriyyət İran baş diplomatının öz qısa çıxışını üzündən oxuya bilməməsini ölkə adına biabırçılıq kimi qiymətləndirib. Əlində tutduğu hazır mətni oxuyarkən nazirin dilinin topuq vurması, sözləri düzgün tələffüz edə bilməməsi İran cəmiyyətini özündən çıxarıb, bir çoxları üçün isə məsxərə obyektinə və gülüş hədəfinə çevrilib. Bu baxımdan Əmir-Abdullahiyanın yeddi dəqiqəlik çıxışının bir dəqiqəyə yaxın hissəsi xüsusi diqqət çəkib və son üç gündə həmin fraqment sosial şəbəkələrin, xüsusən “X” platformasının İran seqmentində çoxsaylı paylaşımların məzmununu təşkil edib. Burada nazir demək istəyib ki, Qəzzada soyqırımının dayandırılması regionda təhlükəsizliyin bərpasının başlıca açarıdır, lakin onun bərbad nitqi ucbatından iclas iştirakçılarının bu fikri başa düşüb-düşmədiyini söyləmək çətindir. Sonradan məlum olub ki, nazirin əlindəki mətn əslində ingiliscə deyilmiş, ingilis sözlərinin ərəb əlifbası ilə yazılan transkripsiyası imiş və həmin qrafikanın bəzi xüsusiyyətləri nazirin çətin duruma düşməsinə, çıxış zamanı duruxması və udqunmasına gətirib çıxarıb. Bu faktın üzə çıxması tanınmış İran jurnalisti Mustafa Fəqihinin bu sözləri yazmasına səbəb olub: “Bilir ki, ingilis dilini bilmir, amma yenə öz şansını sınamaq istəyir!”
"BMT" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad
- Əli Əsədov: "Azərbaycan Qəzza sakinləri ilə həmrəyliyini ifadə edir"
Rəylər