ABŞ Hörmüz boğazını nəzarətə götürdükdən sonra İrana cənub, qərb və şərq istiqamətlərindən quru müdaxiləsinə başlamağa cəhd edə bilər.
Oxu.Az xəbər verir ki, bunu iranlı deputat Abbas Papizadə ISNA agentliyinə müsahibəsində bəyan edib.
"ABŞ-nin nəzərdən keçirdiyi ssenari ondan ibarətdir ki, ilk növbədə Hörmüz boğazını İranın nəzarətindən çıxarsın, neftin ABŞ bazarına və öz müttəfiqlərinə tranzitinə təminat verməyə nail olduqdan sonra isə ölkəyə cənubdan, qərbdən və şərqdən quru müdaxiləsi planlaşdırsın və demək olar ki, bütün əyalətlərə hücum etsin", - deyə o bildirib.
Deputatın fikrincə, Tehran öz hərbi siyasətini müdafiədən hücuma dəyişərək qətiyyətli və sərt cavab verməlidir.
"Vaxt bitdi, bizim hərbi sahəmiz düşmənin bütün infrastrukturuna zərbələr endirməlidir", - deyə siyasətçi əlavə edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 13-də Birləşmiş Ştatların Hörmüz boğazını öz nəzarətinə götürəcəyini bəyan etmişdi.