Ermənistanın paytaxtı İrəvanda 26 büküm narkotik vasitə ilə 17 yaşlı yeniyetmə polis tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Şenqavit Polis Şöbəsinin əməkdaşları Verin Şenqavit qəsəbəsində yaşayan 17 yaşlı yeniyetmənin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və satması ilə bağlı əməliyyat məlumatı əldə ediblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyetmə Qaregin Njde küçəsində növbəti dəfə narkotik vasitəni gizli yerə yerləşdirərkən saxlanılıb.
Onun üzərinə baxış zamanı ümumi çəkisi 46 qram olan 26 büküm narkotik vasitə aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində bükümlərdə olan marixuananı satış məqsədilə "Telegram" tətbiqi vasitəsilə əldə etdiyini bildirib.
Araşdırma zamanı müəyyən edilib ki, o, saxlanılana qədər daha üç büküm narkotik vasitəni gizli yerə yerləşdirməyə müvəffəq olub. Həmin bükümlər sonradan polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.