Bu gün İspaniya La Liqasında XX tura start verilib.
Oxu.Az xəbər verir ki, komandalar Sevilyadakı “Ramon Sançes Pisxuan” stadionunda üz-üzə gəlib. Matçı Alexandro Hernandesin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Oyun “Alaves”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Sevilya” azarkeşləri önündə “Alaves”ə məğlub olub.
İlk hissədə qonaqların qollarını Nauel Tenagliya və Kike vurub. İkinci hissədə meydan sahibləri Rafael Mir və Lukas Okamposun (penaltidən) dəqiq zərbələri ilə cavab veriblər. 90-cı dəqiqədə Ruben Duarte “Alaves”ə 3 xal qazandırıb.
Qeyd etmək lazımdır ki, çempionatın ilk turunda “Alaves” doğma meydanda “Sevilya” üzərində 4:3 hesabı ilə qələbə qazanmışdı.
Xatırladaq ki, “Sevilya” doğma meydanda azarkeşlərini sonuncu dəfə keçən ilin sentyabrındakı “Almeriya” üzərində qazandığı qələbə ilə sevindirib. Bundan sonra komanda nəinki milli çempionat oyunlarında, hətta Çempionlar Liqasının ev oyunlarında belə qələbə qazana bilməyib (cəmi iki heç-heçə).
Bugünkü oyun günündən sonra “Alaves” 2023/2024 mövsümünün “La Liqa” turnir cədvəlində 13-cü yerdədir. Komanda 20 görüşdə 20 xal toplayıb. “Sevilya” 15 xalla 16-cı yerdədir.
Rəylər