"İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından qoşunlarını "Hizbullah" təşkilatının silahlı dəstələri tərk-silah edilənədək çıxarmayacaq".
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats ölkələr arasında əldə olunan razılaşmanı şərh edərkən bildirib.
"İsraillə Livan arasındakı çərçivə sazişi bizim üçün təhlükəsizlik sahəsində tarixi hadisə və mühüm siyasi nailiyyətdir. Razılaşmada müəyyən edilən mühüm prinsip ondan ibarətdir ki, Livanın bütün ərazisində "Hizbullah" tərk-silah edilənədək və İsrailin şimalındakı sakinlərin təhlükəsizliyi təmin olunana qədər İsrail qüvvələri Livanın cənubundan çıxarılmayacaq.
İsrail Livandan qoşunlarını çıxarmayıb və Bofor silsiləsi də daxil olmaqla, Livanın cənubunda təhlükəsizlik zonasını saxlayır. Bundan əlavə, SAXAL İsrailin şimalındakı əsgərlərə və yaşayış məntəqələrinə hücumların qarşısını almaq üçün fəaliyyət azadlığını qoruyur", - deyə nazir bildirib.
İsrail müdafiə nazirinin fikrincə, razılaşma, həmçinin İsraili Livandan qoşunlarını çıxarmağa məcbur etməyə çalışan İran üçün "strateji zərbədir". Kats bildirib ki, Livanın gələcəyi artıq İran və "Hizbullah" tərəfindən müəyyən edilməyəcək və İran razılaşmanın icrasına mane olmaq üçün İsrailə hücum etməyə çalışarsa, İsrail buna "böyük güclə" cavab verəcək.