Türkiyənin İstanbul şəhərinin Bakırköy rayonunda hoteldə yanğın olub.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, altımərtəbəli hotelin birinci mərtəbəsində hələlik məlum olmayan səbəbdən yanğın baş verib. Alov qısa müddətdə böyüyüb və yuxarı mərtəbələrə yayılaraq, binanın xarici hissəsini də bürüyüb.
Hadisə yerinə yanğınsöndürənlər, polis və sağlamlıq qrupları göndərilib. Yuxarı mərtəbələrdə çarəsiz qalan yeddi nəfər təxliyə edilib. Yanğın zamanı xəsarət alan 12 nəfərə təcili yardım maşınlarında ilk tibbi yardım göstərilib və xəstəxanaya aparılıb.
Təxminən bir saat davam edən əməliyyatdan sonra yanğın nəzarət altına alınaraq söndürülüb.