Kanadanın "Ueynrayt" hərbi bazasında baş verən partlayış və güclü yanğın nəticəsində azı yeddi nəfər həyatını itirib, onlarla insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxu.Az bildirir ki, bu barədə "Global News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata əsasən, insident döyüş atışlı təlimlər zamanı meydana gəlib. İlkin ehtimallara görə, atəş zamanı baza ərazisindən keçən qaz kəməri zədələnib. Bu da güclü partlayışa və ardınca yanğına səbəb olub.
Qeyd olunur ki, bazanın yerləşdiyi Alberta vilayətində müşahidə olunan şiddətli külək alovun sürətlə ətrafa yayılmasına şərait yaradıb.
Qeyd edək ki, "Ueynrayt" Kanada Silahlı Qüvvələrinin Edmonton şəhərindən təxminən 180 kilometr cənub-şərqdə yerləşən bazasıdır. O, ölkənin ən aktiv istifadə edilən hərbi obyektlərindən biri hesab olunur - buradakı hərbçilər real döyüş əməliyyatlarının aparılması üçün təlimlər keçirlər.