Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Uilliston gölündə qeyri-adi hadisə müşahidə edilib: suda ağac və bitkilərlə örtülmüş üzən ada peyda olub.
Oxu.Az xəbər verir ki, bu barədə sciencealert.com yazıb.
Yerli sakinlərdən biri qayıq gəzintisi zamanı adanı lentə alaraq, videonu sosial şəbəkədə paylaşıb. Əvvəlcə çoxları, o cümlədən su anbarını idarə edən "BC Hydro" enerji şirkətinin nümayəndələri görüntülərə şübhə ilə yanaşıblar. Onlar 2026-cı ildə həqiqəti süni intellektlə yaradılmış videolardan ayırmağın çətin olduğunu bildiriblər. Lakin peyk görüntüləri ilə aparılan yoxlama obyektin həqiqətən mövcud olduğunu təsdiqləyib.
İyulun 21-də kosmosdan bənddən təxminən 100 kilometr məsafədə kiçik yaşıl adacıq görünüb. Əvvəlki görüntülərdə onun olmadığı, bir neçə gün sonra isə gözdən itdiyi müəyyən edilib. Daha sonra, avqustun 31-də ada yenidən müşahidə olunub. Bu dəfə ada gölə tökülən Ospika çayında aşkarlanıb.

Alimlər və mütəxəssislər hələlik bu üzən adanın necə əmələ gəldiyini dəqiq izah edə bilmirlər. Lakin versiyalardan birinə görə, 2026-cı ilin əvvəlində su anbarı 14 ildən sonra ilk dəfə su ilə dolub. Nəticədə suyun səviyyəsi qalxıb və ehtimal ki, sahilin bir hissəsi - köklər, torpaq və ağaclarla birlikdə - qoparaq su üzərində hərəkət etməyə başlayıb.
Uilliston gölü dünyanın ən böyük göllərindən biridir və hazırda bu sirli adanın dəqiq harada yerləşdiyi məlum deyil.