Pilotsuz uçuş aparatı (PUA) Liviyanın qərbində yerləşən Əz-Zaviyə şəhərindəki neft emalı zavoduna zərbə endirib.
Oxu.Az xəbər verir ki, bu barədə Liviyanın "Al Marsad" portalı məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində zavodun ərazisində yanğın başlayıb.
Liviyanın Milli Neft Korporasiyasının (NOC) məlumatına görə, yanğınsöndürənlər və qəza-xilasetmə qrupları Əz-Zaviyədəki neft emalı zavodunda baş verən güclü yanğının lokallaşdırılması, digər obyektlərə yayılmasının qarşısının alınması və fəsadların minimuma endirilməsi üçün tədbirlər görürlər.
Qeyd olunub ki, yanğın "Brega Oil Marketing Company" şirkətinə məxsus, benzin saxlamaq üçün nəzərdə tutulmuş çənə dronun birbaşa zərbə endirməsindən sonra başlayıb.
NOC ərazidə maksimum fövqəladə vəziyyət rejimi elan edib.
Qeyd edək ki, ötən həftə Əz-Zaviyədəki neft emalı zavodunun yaxınlığında silahlı qruplaşmalar arasında toqquşmalar baş verib. Toqquşmalar nəticəsində azı 4 nəfər ölüb. Müəssisə təhlükəsizlik məqsədilə əməkdaşlarına işə çıxmamağı tövsiyə edib.