Avstraliyada süni intellekt agenti idman zalının onlayn rezervasiya sistemindəki boşluqdan istifadə edərək istifadəçini məşqə yazdırıb.
Oxu.Az bu barədə ABC telekanalına istinadən xəbər verir.
Bu hadisə ölkədə süni intellektdən istifadə edilməklə həyata keçirilən ilk məlum avtonom kiberhücum kimi qiymətləndirilir.
Hadisə süni intellekt məhsullarının biznes üçün satışı ilə məşğul olan Avstraliya şirkətinin əməkdaşının "OpenClaw" proqramı ilə apardığı təcrübə zamanı baş verib. Proqram "Anthropic" şirkətinin "Claude" süni intellekt xidmətindən istifadə edən agentlər üçün nəzərdə tutulub.
Əməkdaş süni intellekt agentindən onu idman zalında populyar məşqə yazdırmasını istəyib. Agent rezervasiya sistemini araşdırarkən oradakı təhlükəsizlik boşluğunu aşkar edib və istifadəçini məşğələyə bir neçə ay əvvəldən qeydiyyatdan keçirə bilib.
Daha sonra istifadəçi agentdən başqa bir məşğələ üzrə gözləmə siyahısında dördüncü yerdən birinci yerə yüksəlməsini istəyib. Süni intellekt özü siyahıda birinci olan şəxsin qeydiyyatını silib. Nəticədə istifadəçi siyahıda üçüncü yerə yüksəlib.
İstifadəçi daha sonra agentdən silinmiş şəxsi yenidən siyahıya qaytarmasını istəyib. Lakin süni intellekt agenti həmin qeydiyyatı bərpa edə bilmədiyini bildirib. İdman zalında məşqlərin rezervasiyası üçün istifadə olunan proqram təminatının istehsalçısı sistemin təhlükəsizliyi ilə bağlı sualları şərh etməkdən imtina edib.